Enterprise Azerbaijan" portalı ilə Türkiyənin "YellowX" nümayəndələri arasında görüş olub

28.04.2025 / 17:53

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Enterprise Azerbaijan" portalı ilə Türkiyənin "YellowX" nümayəndələri arasında görüş keçirilib. Görüşdə "YellowX" şirkətinin təsisçisi və startap mentorluğu üzrə beynəlxalq təcrübəyə malik ekspert Ozan Sönmez, startap proqramlarının idarə olunması üzrə mütəxəssis Beliz Bediz Sinan və məhsul inkişafı üzrə mütəxəssis Alperen Zeki Gokmen iştirak ediblər.

Tərəflər "Startup School 3" layihəsi çərçivəsində həyata keçiriləcək "Yaşıl və Rəqəmsal İpək Yolu" (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Əməkdaşlıq çərçivəsində startap komandalarının qlobal bazarlara çıxışının sürətləndirilməsi, yaşıl texnologiyalar sahəsində innovativ layihələrin inkişafı və startap ekosistemində davamlı bilik mübadiləsinin təşkili nəzərdə tutulur.

Görüş zamanı həmçinin birgə tədbirlərin, seminarların, mentorluq proqramlarının təşkili və yerli startapların beynəlxalq investisiya platformalarına çıxış imkanlarının artırılması məsələləri də müzakirə olunub. Əməkdaşlıq perspektivləri, "YellowX"in qlobal startap ekosistemindəki zəngin təcrübəsi və "Enterprise Azerbaijan" portalının təşəbbüsləri əsasında Azərbaycan startaplarının beynəlxalq arenada mövqelərinin gücləndirilməsinə yönəlib.

Tədbir çərçivəsində "Startup School" layihəsinin əvvəlki mərhələlərində əldə olunan uğurlar təqdim edilib və "Startup School 3" layihəsi üzrə planlaşdırılan yeniliklər haqqında məlumat verilib.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz