19.08.2025 / 12:18
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən "Startup School 3" layihəsi çərçivəsində "Yaşıl və Rəqəmsal İpək Yolu" (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının növbəti təlim sessiyası baş tutub.
Təlimin mövzusu “Biznesin inkişafı və böyümə strategiyaları” (Business development and growth strategies) olub. Sessiya Çində fəaliyyət göstərən İpək Yolu Yüksək Texnologiya Parkları Assosiasiyasının (SRHPA) Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Zhang Xiaogang tərəfindən aparılıb.
Təlim zamanı iştirakçılar qlobal biznes mühitində inkişaf və böyümə imkanlarının qiymətləndirilməsi, müasir biznesin dayanıqlı inkişafını təmin edən effektiv strategiyaların tətbiqi, rəqəmsal transformasiya və innovasiya əsaslı yanaşmaların istifadəsi barədə biliklər qazanıblar. Həmçinin onlar beynəlxalq əməkdaşlıq platformalarından səmərəli istifadə üsulları ilə tanış olub, Çinin innovasiya və texnologiya sahəsindəki praktik təcrübələrini öyrənmək imkanı əldə ediblər.
“Startup School 3” layihəsi çərçivəsində təşkil olunan təlim iştirakçıların beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmaq, dayanıqlı inkişaf hədəflərinə uyğun biznes yanaşmalarını gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edib.








