26.08.2025 / 10:03
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən "Startup School 3" layihəsi çərçivəsində "Yaşıl və Rəqəmsal İpək Yolu" (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının növbəti təlim sessiyası keçirilib.
İştirakçılar bu dəfə “Liderlik və komanda idarəetməsi” (Leadership and Team Management) mövzusunda yeni bilik və təcrübələr əldə ediblər. Sessiya Türkiyənin OSTİM Texniki Universitetinin rektor köməkçisi, eyni zamanda tədqiqatçı, məsləhətçi, mentor, sahibkar və “melek” investor olan Prof. Dr. Ünsal Sığrı tərəfindən həyata keçirilib.
Təlim zamanı iştirakçılara effektiv liderlik bacarıqları, komanda motivasiyasının idarə olunması, əməkdaşlıq mühitinin gücləndirilməsi barədə ətraflı məlumat verilib.
Sessiya interaktiv formatda təşkil edilib. Müzakirələr və sual-cavab bölmələri iştirakçılara liderlik yanaşmaları, komanda dinamikasının idarə olunması və startap mühitində uğurlu liderliyin qurulması üzrə faydalı biliklər qazandırıb.
“Startup School 3” layihəsi çərçivəsində keçirilən təlimlət iştirakçıların həm şəxsi inkişafına, həm də peşəkar bacarıqlarının təkmilləşdirilməsinə töhfə verərək onların gələcək karyera və startap fəaliyyətlərində daha güclü nəticələr əldə etmələrinə yönəlib.







