“Startup School 4” proqramında liderlik bacarıqlarının inkişafına həsr olunmuş sessiya keçirilib

“Startup School 4” proqramında liderlik bacarıqlarının inkişafına həsr olunmuş sessiya keçirilib

23.06.2026 / 18:23

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş qitə, 500 startap” qlobal innovasiya proqramının “Liderlik və komanda idarəetməsi” (Leadership and team management) modulu çərçivəsində növbəti təlim sessiyası baş tutub. Türkiyənin OSTİM Teknik Universitetinin vitse-rektoru Prof. Dr. Ünsal Sığrı tərəfindən “Liderliyin təməli: Özünüidarəetmə, fokus və əsas bacarıqlar” (The Foundation of leadership: Self-Management, focus and essential skills) mövzusunda təlim sessiyası təqdim olunub.

Sessiyada müasir liderlik anlayışının əsas komponentləri, liderlik bacarıqlarının formalaşdırılması prosesində özünüidarəetmənin rolu və fərdi inkişafın əhəmiyyəti ətrafında geniş müzakirələr aparılıb. Təlimçi effektiv liderliyin ilk növbədə şəxsin özünü tanıması, güclü və zəif tərəflərini düzgün qiymətləndirməsi və fəaliyyətlərini müəyyən olunmuş məqsədlərə uyğun istiqamətləndirməsi ilə başladığını vurğulayıb.

Təlim çərçivəsində iştirakçılar liderlik sahəsində mühüm hesab olunan praktiki yanaşmalarla tanış olublar:

  • Diqqətin idarə olunması, fokusun qorunması, vaxt və prioritetlərin düzgün müəyyənləşdirilməsi və məhsuldarlığın artırılması;
  • Dəyişən şəraitdə operativ və çevik qərarvermə bacarıqları;
  • Liderlik potensialının inkişafında texniki biliklərin (hard skills) və davranış bacarıqlarının (soft skills) qarşılıqlı tamamlayıcı rolu;
  • Effektiv ünsiyyət, məsuliyyət, təşəbbüskarlıq və davamlı öyrənmə mühitinin formalaşdırılması.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz