“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramında uğurlu startapların satış təcrübələrinə həsr olunmuş təlim keçirilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramında uğurlu startapların satış təcrübələrinə həsr olunmuş təlim keçirilib

09.07.2026 / 10:38

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində “Satış Strategiyaları” (Sales Strategies) modulu üzrə növbəti təlim sessiyası baş tutub.

Modulun ikinci sessiyası “Ən uğurlu satış nəticələri əldə edən startaplardan öyrənilən dərslər” (Learnings from Best Selling Startups) mövzusuna həsr olunub. Təlim “BuzzFactory” şirkətinin təsisçisi, satış strategiyaları və biznes inkişafı üzrə beynəlxalq ekspert Thierry Cellerin tərəfindən keçirilib.

Təlim zamanı iştirakçılara qlobal bazarlarda uğur qazanmış startapların satış strategiyaları, müştəri cəlbetmə üsulları, satış prosesinin optimallaşdırılması, bazar ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və davamlı inkişaf üçün tətbiq olunan effektiv yanaşmalar barədə ətraflı məlumat verilib.

Sessiyada uğurlu startapların təcrübələri əsasında satışın planlaşdırılması, məhsulun bazara uyğunlaşdırılması, müştəri davranışlarının təhlili və uzunmüddətli müştəri münasibətlərinin qurulması istiqamətində praktiki nümunələr təqdim olunub. İştirakçılar həmçinin müxtəlif biznes modellərinin satış strategiyalarına təsiri və beynəlxalq təcrübədə özünü doğrultmuş metodlarla tanış olublar.

Sessiya çərçivəsində iştirakçılara satış və biznes inkişafı sahəsində beynəlxalq səviyyədə tanınan müəlliflərin əsərləri və uğurlu startapların inkişaf təcrübələrini əks etdirən kitablar da tövsiyə olunub. Təlimçi Thierry Cellerin satış bacarıqlarının təkmilləşdirilməsi, müştəri münasibətlərinin idarə olunması və biznesin böyüdülməsi istiqamətində faydalı ola biləcək nəşrlər barədə məlumat verərək, davamlı öyrənmənin startaplar üçün əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, “Startup School 4: Beş qitə – 500 Startap” proqramı yerli innovasiya ekosisteminin inkişafına dəstək vermək, startapların bilik və bacarıqlarını artırmaqla investisiyaya çıxış imkanları genişləndirmək, eyni zamanda beynəlxalq bazarlara inteqrasiyasını sürətləndirmək məqsədilə həyata keçirilir.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz