"Startup School 3" layihəsi çərçivəsində yaşıl enerji sahəsində yeni əməkdaşlıq müzakirə olunub

"Startup School 3" layihəsi çərçivəsində yaşıl enerji sahəsində yeni əməkdaşlıq müzakirə olunub

22.04.2025 / 10:46

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri ilə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) rəhbər heyəti arasında görüş keçirilib. Görüşün məqsədi "Yaşıl və Rəqəmsal İpək Yolu" (Startup School 3: Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub.

İİTKM-in “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov çıxışında qeyd edib ki, akselerasiya proqramının əsas məqsədi yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən startapların inkişafına dəstək olmaq, regionda innovativ sahibkarlığın genişlənməsinə töhfə verməkdir. O bildirib ki, "Startup School 3" layihəsi çərçivəsində yerli və beynəlxalq səviyyəli mentorların iştirakı, ekoloji dayanıqlılıq sahəsi üzrə startapların inkişafı və investisiya cəlbediciliyinin artırılması nəzərdə tutulur.

BOEM-in direktor müavini Rəna Hümbətova Agentliyin yaşıl enerji texnologiyalarının yayılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi və iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində fəaliyyət istiqamətləri barədə məlumat verib. O qeyd edib ki, bu cür beynəlxalq akselerasiya proqramları dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi və gənc sahibkarların dəstəklənməsi baxımından əhəmiyyətli rol oynayır. Daha sonra Agentliyin Maliyyə şöbəsinin müdiri Rəqsanə Paşayeva proqram çərçivəsində mümkün investisiya modelləri haqqında məlumat verib.

Görüş çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları dəyərləndirilib, proqramın icrası zamanı birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində ilkin razılıq əldə olunub. Tərəflər həmçinin layihə iştirakçılarının yaşıl enerji sahəsində təcrübə mübadiləsi aparması və bilik səviyyəsinin artırılması məqsədilə təlimlərin təşkili, eləcə də bu istiqamətdə institusional dəstəyin təmin olunması məsələlərini müzakirə ediblər.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz