25.07.2025 / 17:52
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Pakistanın Khyber Pakhtunkhwa İnformasiya Texnologiyaları İdarəsi (Khyber Pakhtunkhwa Information Technology Board) və Kənd Təsərrüfatı Universiteti arasında onlayn formatda görüş keçirilib.
Görüş zamanı “Enterprise Azerbaijan” portalının layihə meneceri Aydan Hüseynzadə çıxış edərək “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı barədə təqdimatla çıxış edib. Təqdimatda proqramın məqsədləri, fəaliyyət istiqamətləri və regional startaplar üçün yaratdığı imkanlar ətraflı izah olunub.
Qeyd edilib ki, proqram regionda innovativ təşəbbüsləri dəstəkləməklə yanaşı, startapların beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməyi və yaşıl-rəqəmsal texnologiyaların tətbiqini təşviq etməyi qarşısına məqsəd qoyur.
Görüş zamanı elmi-texnoloji innovasiyalar, rəqəmsallaşma, investisiya imkanları və startap ekosistemində beynəlxalq əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, tərəflər Azərbaycan ilə Pakistan arasında texnologiya və innovasiya sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə təşəbbüslərin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Görüşün sonunda Pakistanın innovasiya və aqrar texnologiyalar sahəsində fəaliyyət göstərən startaplarının “Yaşıl və Rəqəmsal İpək Yolu” akselerasiya proqramına cəlb edilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.







