24.09.2025 / 10:13
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının mentorluq mərhələsinə start verilib
Təlim mərhələsinin uğurla başa çatmasından sonra komandalar seçilmiş beynəlxalq və yerli mentorlarla fərdi şəkildə görüşlər keçirərək intensiv inkişaf mərhələsinə başlayıblar. Mentorluq prosesi çərçivəsində iştirakçılara biznes planın hazırlanması, satış strategiyalarının qurulması, investorlar qarşısında daha effektiv təqdimat və digər mövzularda dəstək verilir. Bu yanaşma startapların bazara çıxış imkanlarını gücləndirməklə yanaşı, onların davamlı inkişaf perspektivlərini də möhkəmləndirir. Mentorluq xidmətləri 10 fərqli ölkədən cəlb edilmiş 30-a yaxın peşəkar mütəxəssis tərəfindən təmin edilir.
“Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı startap ekosistemində bilik və təcrübə mübadiləsi, mentorluq dəstəyi və qlobal şəbəkələşmə imkanları yaradan geniş platformadır. Layihə gənc sahibkarların innovativ ideyalarının biznes həllərinə çevrilməsinə, onların beynəlxalq bazarlara inteqrasiyasına və dayanıqlı biznes modellərinin formalaşmasına mühüm töhfə verir.







