08.10.2025 / 11:11
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov və layihə meneceri Aydan Hüseynzadə informasiya texnologiyaları (İT) sahəsində innovativ həllər təqdim edən “Softgile” şirkətinin təmsilçiləri Təbriz Ağasoy və Mələk Əliyeva ilə görüşüblər. Görüş zamanı rəqəmsal transformasiya proseslərinin inkişafı, layihə idarəetməsində çevik yanaşmaların tətbiqi və müasir texnoloji həllərin iş mühitində səmərəliliyin artırılmasına təsiri istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı “Enterprise Azerbaijan” portalının fəaliyyəti və strateji məqsədləri barədə də ətraflı məlumat verilib. Portalın innovasiyayönümlü sahibkarlığın təşviqi, gənc təşəbbüskarların dəstəklənməsi və startap ekosisteminin inkişafı istiqamətlərində həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb.
“Softgile” şirkətinin nümayəndələri təqdim etdikləri həllər barədə məlumat verərək bildiriblər ki, şirkət “Atlassian” məhsulları əsasında qurulmuş kompleks və innovativ İT sistemləri təklif edir. Şirkətin təklif etdiyi xidmətlər arasında müəssisədaxili və layihə işlərində proseslərin səmərəliliyini artırmaq məqsədilə tapşırıqların idarə edilməsini avtomatlaşdıran və komanda əməkdaşlığını gücləndirən qabaqcıl texnoloji vasitələr xüsusi yer tutur.
Tərəflər gələcəkdə rəqəmsal həllərin tətbiqi, layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsi və rəqəmsal transformasiya üzrə birgə təşəbbüslərin reallaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.







