07.11.2025 / 17:47
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsi çərçivəsində yerli və qlobal tərəfdaşlarla keçirilən “Yaşıl və rəqəmsal ipək yolu” beynəlxalq akselerasiya proqramının Final - “Demo day” mərhələsi keçiriləcək.
Tədbir 21 Noyabr 2025-ci il tarixində, saat 10:00-17:00 arası Azərbaycan İnnovasiya Mərkəzində (Bakı, Atatürk prospekti 93) təşkil ediləcək.
“Demo day” 2 hissədən ibarət olacaq:
I hissə: Sərgi (saat 10:00-13:00). Bu hissədə Akselerasiya proqramının perspektivli hesab edilən 30-a yaxın startapı təqdim ediləcək. Sərgidə Azərbaycan, Türkiyə və Pakistandan olan startaplar iştirak edəcək.
II hissə: Bağlanış mərasimi (saat 15:30-17:00). Bu hissədə münsiflər heyəti tərəfindən seçilən qalib startaplar elan olunacaq.
Final – “Demo day” tədbirində iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/CRWDULQiR7U9XLmb6
Akselerasiya proqramına müxtəlif ölkələrdən (Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Qırğızıstan, Cənubi Koreya) 140 startap müraciət edib. Onlardan 126 komanda ilkin qiymətləndirmədən sonra layihədə iştirak hüququ qazanıb. Akselerasiya proqramı çərçivəsində startapların inkişaf etdirilməsi məqsədilə dünyanın qabaqcıl ekosistemlərindən 30-a yaxın təlimçi və mentor cəlb olunub. Proqramın yerli və qlobal ekosistemdən beşi vençur fondları (ABŞ, Türkiyə, Pakistan, Malta və Azərbaycandan) olmaqla, 35-dən çox tərəfdaşı var.






