“Enterprise Azerbaijan” və İspaniyanın “Ironhack” texnologiya məktəbi arasında əməkdaşlıq imkanları müzakirə edilib

“Enterprise Azerbaijan” və İspaniyanın “Ironhack” texnologiya məktəbi arasında əməkdaşlıq imkanları müzakirə edilib

04.12.2025 / 11:06

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı ilə İspaniyanın qlobal texnologiya məktəbi “Ironhack” arasında əməkdaşlıq perspektivlərinə dair görüş keçirilib.

Görüşdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, layihə meneceri Aydan Hüseynzadə, “Coders Azerbaijan”ın təsisçisi Seymur Həmidov və icraçı direktoru Riyad Ağazadə, həmçinin “Ironhack” şirkətinin B2B departamentinin rəhbəri Juanjose Moreno iştirak ediblər.

Görüşün məqsədi Azərbaycan innovasiya ekosisteminin inkişafı üçün beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi, startapların texnologiya yönümlü bacarıqlarının artırılması və rəqəmsal transformasiya sahəsində qlobal təcrübənin ölkəyə transferidir.

İİTKM-in nümayəndələri “Enterprise Azerbaijan” portalının fəaliyyəti, startap ekosistemində rolu və əsas layihələri barədə məlumat veriblər. Xüsusilə “Startup School 3 – Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının miqyası, iştirakçı ölkələr, təlim-mentorluq mərhələləri və finalda təqdim olunan innovativ layihələr təqdim edilib.

“Ironhack” nümayəndəsi təşkilatın proqramlaşdırma, kibertəhlükəsizlik, data analitika və UX/UI dizayn üzrə qlobal tədris modelləri, “bootcamp” proqramları və beynəlxalq əmək bazarına çıxış imkanları barədə məlumat verib.

Tərəflər yerli və qlobal innovasiya ekosistemi ilə əlaqələrin genişləndirilməsi, Azərbaycan startaplarının qlobal bazarlara çıxışının dəstəklənməsi və birgə layihələrin icrası üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşün sonunda qarşılıqlı əməkdaşlıq barədə ilkin razılıq əldə olunub.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz