İİTKM-in nümayəndələri “Caravantures” akselerasiya mərkəzi ilə əməkdaşlıq imkanlarını müzakirə edib

İİTKM-in nümayəndələri “Caravantures” akselerasiya mərkəzi ilə əməkdaşlıq imkanlarını müzakirə edib

11.12.2025 / 15:41

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının nümayəndələri Finlandiyada fəaliyyət göstərən “Caravantures” akselerasiya mərkəzinin nümayəndəsi ilə görüş keçirib.

Görüşdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov və layihə meneceri Aydan Hüseynzadə, həmçinin “Caravantures” şirkətinin həmtəsisçisi Pouya Mahammadi iştirak edib. Tərəflər arasında keçirilən görüş innovasiya ekosistemi, startapların inkişafı və qlobal əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi baxımından əhəmiyyətli rol oynayıb.

Görüş zamanı “Enterprise Azerbaijan” nümayəndələri portalın fəaliyyət istiqamətləri, həyata keçirilmiş əsas layihələr, o cümlədən “Startup School” və digər innovasiya təşəbbüsləri haqqında geniş məlumat təqdim ediblər.

Daha sonra “Caravantures” şirkətinin həmtəsisçisi Pouya Mahammadi təşkilatın fəaliyyəti haqqında təqdimat edərək mərkəzin əsasən inkişaf etməkdə olan regionlardan olan startaplara dəstək göstərdiyini və qlobal innovasiya şəbəkələrinə çıxış imkanları yaratdığını bildirib.

Tərəflər gələcəkdə birgə layihələrin həyata keçirilməsi, beynəlxalq proqramların təşkili və startaplar arasında təcrübə mübadiləsinin təşviqi ilə bağlı ilkin razılığa gəliblər.

 

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz