18.12.2025 / 16:30
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının nümayəndələri Cənubi Koreyanın innovativ biotexnologiya şirkəti “Jan153Biotech” ilə görüş keçirib.
Görüşdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov və layihə meneceri Aydan Hüseynzadə, “Jan153Biotech” şirkətinin təsisçisi Dr. Jincheol Kim və menecer Minwoo Joo iştirak ediblər.
Müzakirə zamanı İsa Qasımov “Enterprise Azerbaijan” platforması haqqında məlumat təqdim edib. Bildirilib ki, portal Azərbaycan innovasiya ekosisteminin əsas rəqəmsal platformalarından biri olaraq startapların, texnologiya şirkətlərinin və beynəlxalq innovasiya subyektlərinin ölkə ekosisteminə inteqrasiyasını dəstəkləyir. Həmçinin, startaplara mentorluq, akselerasiya, beynəlxalq proqramlarda iştirak, investorlara çıxış və qlobal innovasiya şəbəkələri ilə əlaqələndirmə imkanları yaradılır.
Eyni zamanda “Enterprise Azerbaijan”-ın dayanıqlı inkişaf, yaşıl texnologiyalar və innovasiya əsaslı həllərin təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslər, xüsusilə “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı diqqətə çatdırılıb.
Müzakirələr zamanı “Jan153Biotech”-in ekoloji cəhətdən təhlükəsiz, bioloji əsaslı kənd təsərrüfatı məhsulları, xüsusilə biopestisitlər və bitki sağlamlığını dəstəkləyən innovativ həllər barədə ətraflı məlumat təqdim olunub. Şirkətin məhsullarının dayanıqlı kənd təsərrüfatının inkişafına, kimyəvi pestisidlərin istifadəsinin azaldılmasına və məhsuldarlığın artırılmasına verdiyi töhfələr diqqət mərkəzində olub.
Yekunda “Jan153Biotech” şirkətinin təklif etdiyi məhsulların təqdim edilməsi üçün müvafiq sahədə fəaliyyət gösətərən yerli şirkətlər ilə görüşülməsi tövsiyyə olunub.






