Azərbaycanda investisiya idarəetməsi: çağırışlar və perspektivlər

Azərbaycanda investisiya idarəetməsi: çağırışlar və perspektivlər

06.02.2026 / 17:08

Son illər Azərbaycan iqtisadiyyatında investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı və ölkənin beynəlxalq investisiya cəlbediciliyinin artırılması istiqamətində mühüm addımlar atılır. Bu prosesdə biznes mühitinin liberallaşdırılması, rəqəmsal həllərin tətbiqi, institusional islahatlar və təşviq mexanizmlərinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Lakin qlobal təcrübə göstərir ki, investisiya cəlbediciliyini müəyyən edən əsas amil təkcə sərmayələrin həcmi deyil, mövcud investisiya layihələrinin necə idarə və icra olunmasıdır.

Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov bildirib ki, ölkədə həyata keçirilən dövlət investisiya layihələrinin effektivliyi, vaxtında tamamlanması və real iqtisadi-sosial nəticələr yaratması Azərbaycanın ümumi investisiya imicinə birbaşa təsir göstərir. İnvestorlar üçün əsas sual yalnız “ölkəyə daxil olmaq mümkündürmü?” deyil, həm də “daxil olduqdan sonra layihələr hansı institusional mühitdə icra olunur?” sualıdır. Məhz bu səbəbdən investisiya layihələrinin idarə olunması və icra qabiliyyəti strateji məsələ kimi ön plana çıxmalıdır.

Hazırda Azərbaycanda investisiya layihələrinin planlaşdırılması, maliyyələşdirilməsi, icrası və monitorinqi üzrə müəyyən normativ və institusional çərçivə mövcuddur. Dövlət İnvestisiya Proqramı, büdcə mexanizmləri, satınalma və dövlət–özəl tərəfdaşlığı alətləri bu çərçivənin əsas elementlərini təşkil edir. Bununla yanaşı, təcrübə göstərir ki, əsas çağırışlar çox vaxt normativ boşluqlardan deyil, idarəetmə və icra səviyyəsindəki institusional məhdudiyyətlərdən qaynaqlanır. Layihələrin prioritetləşdirilməsi, risklərin qabaqcadan qiymətləndirilməsi, nəticəyönümlü monitorinq və layihə başa çatdıqdan sonra real təsirin ölçülməsi kimi məsələlər hələ də sistemli yanaşma tələb edir.

Beynəlxalq təcrübədə investisiya idarəetməsi artıq klassik “büdcə–icra” modelindən kənara çıxaraq “Public Investment Management” (PIM) yanaşması üzərində qurulur. Bu yanaşma investisiya layihələrinə ayrıca obyekt kimi deyil, vahid portfelin tərkib hissəsi kimi baxılmasını, strateji məqsədlərlə uyğunluğun təmin edilməsini və nəticələrin ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməsini nəzərdə tutur. Belə sistemlərdə layihənin vaxtında hazırlanması ilə yanaşı, onun iqtisadi və sosial dəyər yaratması əsas meyar hesab olunur.

Azərbaycan üçün bu yanaşmanın aktuallığı xüsusilə ondan irəli gəlir ki, ölkə hazırda genişmiqyaslı infrastruktur, regional inkişaf və sosial layihələr həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, enerji və yaşıl iqtisadiyyat təşəbbüsləri investisiya idarəetməsinin keyfiyyətinə olan tələbi daha da artırır. Bu layihələrin uğurlu icrası yalnız dövlət resurslarının səmərəli istifadəsi baxımından deyil, həm də beynəlxalq investorların ölkəyə olan etimadının möhkəmləndirilməsi baxımından həlledici əhəmiyyət daşıyır.

İsa Qasımov vurğulayıb ki, investisiya cəlbediciliyinin artırılmasına yönəlmiş təşəbbüslər, o cümlədən “Enterprise Azerbaijan” platformasının formalaşdırılması investisiya ekosisteminin bütöv şəkildə gücləndirilməsini hədəfləyir. Lakin investisiya təşviqi yalnız layihələrin təqdimatı və investorlarla kommunikasiya ilə məhdudlaşmamalıdır. Təşviqin davamlı olması üçün ölkə daxilində icra olunan layihələrin idarə olunması keyfiyyəti də paralel şəkildə inkişaf etdirilməlidir. Effektiv investisiya menecmenti güclü təşviqin təbii davamı kimi çıxış edir.

İnvestisiya layihələrinin idarə olunması sahəsində qərarverici və icraedici səviyyələrdə institusional potensialın gücləndirilməsi, insan kapitalının inkişafı və müasir idarəetmə alətlərinin tətbiqi zəruridir. Layihələrin seçimi və icrası zamanı risk əsaslı yanaşmanın tətbiqi, monitorinq və qiymətləndirmə mexanizmlərinin nəticəyə fokuslanması, audit tapıntılarının gələcək qərarverməyə inteqrasiya olunması investisiya mühitinin keyfiyyətini yüksəldən əsas amillərdəndir.

Nəticə etibarilə, Azərbaycanda investisiya cəlbediciliyinin artırılması yalnız yeni layihələrin və təşviq mexanizmlərinin yaradılması ilə deyil, mövcud investisiyaların necə idarə edilməsi ilə sıx bağlıdır. İnvestisiya idarəetməsi və icra qabiliyyəti ölkənin iqtisadi etibarlılığının, institusional yetkinliyinin və uzunmüddətli inkişaf perspektivlərinin əsas göstəricilərindən biridir. Bu məsələnin ictimai və institusional səviyyədə daha geniş müzakirə olunması isə növbəti mərhələdə daha hədəfli proqram və təşəbbüslərin formalaşdırılması üçün mühüm zəmin yarada bilər.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz