05.03.2026 / 16:11
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının əməkdaşları ADA Universiteti tərəfindən təşkil olunan Hacı Zeynalabdin Tağıyev Mükafatları müsabiqəsinin iştirakçılarından olan “Öyrən-Öyrət” layihəsinin komanda üzvləri ilə görüş keçirib.
Görüşdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, layihə meneceri Aydan Hüseynzadə, ADA Məktəbinin Şagird Xidmətləri üzrə mütəxəssisi və mentoru Nuray İsmayılova, həmçinin layihə iştirakçıları – Kamilla Əfəndi və Rəşad İsayev iştirak ediblər.
Görüş zamanı “Öyrən-Öyrət” platforması haqqında ətraflı məlumat təqdim olunub. Bildirilib ki, layihə “Biliyi biliklə al” prinsipi əsasında fəaliyyət göstərir və əsas məqsədi orta və yuxarı sinif şagirdləri arasında təhsil bərabərsizliyinin azaldılması, əlçatan və qeyri-kommersiya əsaslı qarşılıqlı öyrənmə mühitinin yaradılmasıdır. Platforma çərçivəsində şagirdlər dərs keçmə, mentorluq etmə və akademik resurslar hazırlama kimi fəaliyyətlər vasitəsilə şəffaf kredit sistemi əsasında platformada aktiv iştirak edirlər.
Görüş çərçivəsində layihənin inkişaf perspektivləri və mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsi olaraq mentorluq xidmətlərinin göstərilməsi istiqamətində ilkin razılıq əldə olunub. Qeyd olunub ki, bu əməkdaşlıq layihənin təsir imkanlarını genişləndirməklə yanaşı, gənclərin innovativ təşəbbüslərlə yerli və beynəlxalq tərəfdaş şəbəkəsinə inteqrasiyasına əlavə imkanlar yaradacaq.









