“Startup School 4” proqramında “Rəqəmsal məhsulların hazırlanması və daxili sistemlərin qurulması” mövzusunda təlim keçirilib

“Startup School 4” proqramında “Rəqəmsal məhsulların hazırlanması və daxili sistemlərin qurulması” mövzusunda təlim keçirilib

19.06.2026 / 15:44

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş qitə, 500 startap” qlobal innovasiya proqramının Rəqəmsallaşma modulu çərçivəsində növbəti təlim sessiyası keçirilib. Sessiyada Finlandiyada fəaliyyət göstərən “The Brutally Honest Ecosystem” şirkətinin həmtəsisçisi Alperen Zeki Gokmen təqdimatla çıxış edib.

 “Təsisçi kimi rəqəmsal alətlərin yaradılması: fərdi tətbiqlərdən daxili sistemlərinə qədər” (Building Digital Tools as a Founder: From Personal Apps to Internal Systems) mövzusuna həsr olunan sessiyada rəqəmsal məhsulların hazırlanmasında təsisçilərin rolu, texnologiyanın biznes proseslərinə inteqrasiyası və şirkətlərin daxili fəaliyyətinin rəqəmsal həllər vasitəsilə təkmilləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

 Sessiya zamanı iştirakçılara rəqəmsal məhsulun formalaşdırılması prosesinin əsas mərhələləri, biznes ehtiyaclarının texnoloji həllərə çevrilməsi, istifadəçi təcrübəsinin nəzərə alınması və daxili əməliyyatların optimallaşdırılması üçün tətbiq olunan yanaşmalar barədə məlumat verilib.

 Bununla yanaşı, süni intellekt, “no-code” və “low-code” platformaları kimi müasir texnologiyaların təsisçilərə məhsul və sistemlərin hazırlanmasında yaratdığı imkanlardan bəhs olunub. İştirakçılar məhdud resurslarla effektiv rəqəmsal həllərin qurulması, komanda daxilində iş axınlarının avtomatlaşdırılması və əməliyyat xərclərinin azaldılması istiqamətində praktiki tövsiyələrlə tanış olublar.

 Qeyd edək ki, “Startup School 4: Beş qitə, 500 startap” proqramı dünyanın müxtəlif ölkələrindən olan ekspertləri, mentorları və innovasiya ekosisteminin nümayəndələrini bir araya gətirərək startapların qlobal bilik və təcrübəyə çıxışını genişləndirir, onların investisiya əldə etmək imkanlarını dəstəkləyir.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz