24.06.2026 / 16:47
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə, 500 startap” qlobal innovasiya proqramı çərçivəsində yeni modul – “Məsuliyyətli Süni İntellekt” (Responsible Artificial Intelligence) üzrə təlim sessiyası təşkil olunub. Sessiya Alman Süni İntellekt Araşdırma Mərkəzinin (German Research Center for Artificial Intelligence – DFKI) nümayəndəsi Nicat Mehdiyev tərəfindən təqdim edilib.
“Məsuliyyətli süni intellekt: Startaplar üçün imkanlar, risklər və əsas prinsiplər” (Responsible Artificial Intelligence: Opportunities, Risks, and Core Principles for Startups) mövzusuna həsr olunan sessiyada süni intellekt texnologiyalarının sahibkarlıq və innovasiya ekosistemində yaratdığı imkanlar, eyni zamanda bu texnologiyaların tətbiqi ilə bağlı meydana çıxan risklər və məsuliyyət məsələləri müzakirə olunub.
Təlim zamanı iştirakçılara süni intellektin məhsul inkişafı, qərarvermə prosesləri, müştəri təcrübəsinin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində yaratdığı imkanlar barədə məlumat verilib. Bununla yanaşı, süni intellekt əsaslı həllərin tətbiqi zamanı məlumatların təhlükəsizliyi, məxfilik və şəffaflıq kimi məsələlərin nəzərə alınmasının vacibliyi vurğulanıb.
Sessiya çərçivəsində məsuliyyətli süni intellekt anlayışının əsas prinsipləri izah olunub, startapların innovasiya və etik məsuliyyət arasında balans yaratmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Sessiya boyunca iştirakçılarla aktiv müzakirələr aparılıb, süni intellekt texnologiyalarının biznes və innovasiya ekosistemində tətbiqi, etik yanaşmaların əhəmiyyəti və məsuliyyətli Sİ həllərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi həyata keçirilib. Təlim çərçivəsində iştirakçılar həm nəzəri biliklər əldə edib, həm də real nümunələr üzərindən süni intellektin yaratdığı imkan və riskləri daha yaxından təhlil etmək imkanı qazanıblar.
Qeyd edək ki, “Startup School 4: Beş qitə, 500 startap” proqramı çərçivəsində keçirilən sessiyalar iştirakçıların innovasiya, texnologiya və sahibkarlıq sahələrində qabaqcıl biliklər əldə etməsinə, investisiyaya çıxış imkanlarının artırılmasına, qlobal ekspertlərlə birbaşa ünsiyyət qurmasına və beynəlxalq təcrübədən faydalanmasına imkan yaradır.









