01.07.2026 / 11:46
“Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş qitə, 500 startap” qlobal innovasiya proqramının “Liderlik və komanda idarəetməsi” (Leadership and Team Management) modulu çərçivəsində növbəti təlim sessiyası təşkil olunub. Sessiya Türkiyənin OSTİM Technical University-nin prorektoru Ünsal Sığrı tərəfindən təqdim edilib.
Modulun ikinci sessiyası liderlik bacarıqlarının praktik müstəvidə inkişafına həsr olunub. Təlim zamanı iştirakçılar özünüqiymətləndirmə metodları, fərdi liderlik potensialının müəyyənləşdirilməsi, qərarvermə prosesində fokusun qorunması və şəxsi inkişaf strategiyalarının formalaşdırılması istiqamətində müxtəlif interaktiv tapşırıqlarda iştirak ediblər.
Sessiya çərçivəsində real situasiyalar və praktiki nümunələr (case studies) əsasında liderlərin qarşılaşdığı çağırışlar təhlil olunub, onların həlli yolları müzakirə edilib. İştirakçılar komanda daxilində effektiv ünsiyyət, prioritetlərin müəyyənləşdirilməsi, məsuliyyət bölgüsü və çevik qərarvermə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş fəaliyyətlər həyata keçiriblər.
Təlimçi vurğulayıb ki, uğurlu liderlik yalnız nəzəri biliklərə deyil, həm də davamlı özünüqiymətləndirmə, öyrənilən bacarıqların praktik tətbiqi və real iş mühitində düzgün qərarlar qəbul etmək bacarığına əsaslanır. Bu baxımdan interaktiv tapşırıqlar və real biznes nümunələrinin təhlili liderlik kompetensiyalarının möhkəmləndirilməsində mühüm rol oynayır.
Sessiyanın müddətində iştirakçılar fərdi inkişaf istiqamətlərini müəyyənləşdirərək öz liderlik bacarıqlarını qiymətləndirib, əldə etdikləri bilik və yanaşmaların startap fəaliyyətində tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Startup School 4: Beş qitə, 500 startap” proqramı iştirakçıların innovativ ideyalarını qlobal bazarlara çıxarmaq, investisiya imkanlarına çıxışını genişləndirmək və beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını dəstəkləmək məqsədi daşıyır.









