01.07.2026 / 16:36
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enetrprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə, 500 startap” qlobal innovasiya proqramı çərçivəsində “Məsuliyyətli Süni İntellekt” (Responsible Artificial Intelligence) modulu üzrə növbəti təlim sessiyası təşkil olunub. “Etibarlı süni intellekt həllərinin qurulması: Şəffaflıq, ədalətlilik və praktik tətbiq” (Building Trustworthy AI Solutions: Transparency, Fairness, and Practical Implementation) mövzusuna həsr olunan sessiya Alman Süni İntellekt Araşdırma Mərkəzinin (German Research Center for Artificial Intelligence – DFKI) nümayəndəsi Nicat Mehdiyev tərəfindən təqdim edilib.
Təlim zamanı iştirakçılara süni intellekt həllərinin inkişafı prosesində şəffaflığın təmin edilməsi, alqoritmik qərarların izah oluna bilməsi, ədalətlilik prinsiplərinin qorunması ilə bağlı beynəlxalq yanaşmalar təqdim edilib. Həmçinin Sİ sistemlərinə olan ictimai etimadın formalaşdırılması və bu etimadın uzunmüddətli innovasiya fəaliyyətində rolu barədə ətraflı məlumat verilib.
Sessiyada məsuliyyətli Sİ həllərinin hazırlanması üçün istifadə olunan praktiki mexanizmlər, məlumatların idarə olunması prinsipləri, etik qiymətləndirmə metodları və risklərin azaldılması strategiyaları diqqət mərkəzində olub. Təlimçi vurğulayıb ki, süni intellekt texnologiyalarının uğurlu tətbiqi yalnız yüksək texnoloji imkanlardan deyil, həm də istifadəçi hüquqlarının qorunması, şəffaf qərarvermə və hesabatlılıq kimi prinsiplərdən asılıdır.
Müzakirələr zamanı startapların məhsul inkişafı prosesində məsuliyyətli süni intellekt yanaşmalarını necə tətbiq edə biləcəyi, qlobal tənzimləmə tendensiyaları və Sİ əsaslı məhsulların bazarda etibarlılığının artırılması yolları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar real nümunələr üzərindən süni intellekt həllərinin üstünlüklərini və potensial risklərini təhlil etmək imkanı əldə ediblər.
Qeyd edək ki, “Startup School 4: Beş qitə, 500 startap” proqramı çərçivəsində həyata keçirilən təlimlər iştirakçıların innovasiya və texnologiya sahəsində müasir biliklərə yiyələnməsinə, investisiya imkanlarının genişləndirilməsinə, qlobal ekspertlərlə təcrübə mübadiləsi aparmasına və beynəlxalq sahibkarlıq ekosisteminə inteqrasiyasına dəstək göstərir.









