“Startup School 4” proqramında təsisçi şəxsiyyəti üzrə seminarlar keçirilib

“Startup School 4” proqramında təsisçi şəxsiyyəti üzrə seminarlar keçirilib

03.07.2026 / 14:50

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə, 500 startap” qlobal innovasiya proqramı çərçivəsində “Marketinq” (Marketing) modulu üzrə növbəti təlimlər təşkil olunub. Estoniyada fəaliyyət göstərən “BeHumbo” şirkətinin həmtəsisçisi Beliz Bediz Sinan tərəfindən keçirilən “Təsisçi şəxsiyyəti üzrə seminar” (Founder Identity Workshop) üzrə təlimlər həyata keçirilib.

İki hissədən ibarət sessiyalar çərçivəsində startap təsisçilərinin şəxsi brendinin formalaşdırılması, təsisçi kimliyinin (founder identity) biznesin inkişafındakı rolu və güclü kommunikasiya strategiyasının qurulması mövzuları ətrafında geniş müzakirələr aparılıb. Təlimçi təsisçilərin yalnız məhsul və ya xidmətlərini deyil, həm də öz baxışlarını, dəyərlərini və missiyalarını effektiv şəkildə təqdim etmələrinin investorlar, tərəfdaşlar və müştərilər ilə etibarlı münasibətlərin qurulmasında mühüm rol oynadığını vurğulayıb.

Sessiyalar zamanı şəxsi brendin əsas elementləri, hədəf auditoriyasının düzgün müəyyənləşdirilməsi, autentik kommunikasiya və rəqəmsal platformalarda peşəkar mövqelənmə kimi mövzular izah olunub. Bununla yanaşı, təsisçilərin fərqləndirici üstünlüklərinin müəyyənləşdirilməsi, şəxsi dəyərlərin brend mesajına inteqrasiyası və uzunmüddətli etibarın formalaşdırılması üçün tətbiq olunan yanaşmalar iştirakçılarla bölüşülüb.

Praktiki məşğələlər vasitəsilə iştirakçılar öz təsisçi kimliklərini təhlil edib, şəxsi brend strategiyalarını formalaşdırmaq istiqamətində tapşırıqlar yerinə yetiriblər.

Qeyd edək ki, “Startup School 4: Beş qitə, 500 startap” proqramı çərçivəsində keçirilən marketinq modulu iştirakçı startapların investisiyaya çıxış imkanlarının artırılması, effektiv kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz