“Startup School 4” proqramında satış strategiyaları modulu üzrə ilk təlim baş tutub

“Startup School 4” proqramında satış strategiyaları modulu üzrə ilk təlim baş tutub

07.07.2026 / 11:05

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində növbəti təlim sessiyası baş tutub.

Proqramın "Satış Strategiyaları" (Sales Strategies) modulu çərçivəsində təşkil olunan "Startap üçün ilk satışlar" (First Sales as a New Startup) mövzusunda sessiyanın təlimçisi “BuzzFactory” şirkətinin təsisçisi, satış və biznes inkişafı üzrə beynəlxalq ekspert Thierry Cellerin olub.

Sessiya zamanı startapların ilk satışlarını həyata keçirməsi üçün zəruri olan əsas strategiyalar, potensial müştərilərin müəyyənləşdirilməsi, effektiv satış yanaşmalarının tətbiqi, məhsul və xidmətlərin düzgün təqdim olunması, müştəri etibarının qazanılması, eləcə də erkən mərhələdə yol verilən satış səhvlərinin qarşısının alınması ilə bağlı praktiki bilik və tövsiyələr iştirakçılarla bölüşülüb.

İnteraktiv formatda keçirilən təlim zamanı iştirakçılar satış sahəsində real biznes nümunələrini təhlil edib, öz startapları ilə bağlı suallarını beynəlxalq ekspertə ünvanlayaraq praktiki tövsiyələr əldə ediblər.

Qeyd edək ki, "Startup School 4: Five Continents – 500 Startups" proqramı yerli innovasiya ekosisteminin inkişafına töhfə vermək, innovativ sahibkarların bilik və bacarıqlarını artırmaq, onların qlobal bazarlara çıxış imkanlarını genişləndirmək və investisiyaya çıxış imkanlarını artırmaq məqsədilə dünyanın müxtəlif ölkələrindən cəlb olunan ekspertlərin iştirakı ilə davam edir.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz