17.07.2026 / 11:17
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində növbəti təlim sessiyası baş tutub.
Proqramın “İnkişaf etməkdə olan bazarlarda startap quruculuğu” (Startup Building in Emerging Markets) modulu çərçivəsində təşkil olunan “İnkişaf etməkdə olan bazarlarda startap quruculuğu: Afrika startap ekosistemindən öyrənilən dərslər və qlobal sahibkarlar üçün imkanlar” (Startup Building in Emerging Markets: Lessons from Africa's Startup Ecosystem and Opportunities for Global Entrepreneurs) mövzusunda sessiya “DELPHI Group” şirkətinin təsisçisi Andriamijoro Mino tərəfindən keçirilib.
Təlim zamanı iştirakçılara Afrika startap ekosisteminin inkişaf xüsusiyyətləri, inkişaf etməkdə olan bazarlarda sahibkarlığın formalaşmasına təsir edən amillər, innovativ biznes modelləri və qlobal sahibkarlar üçün mövcud imkanlar barədə ətraflı məlumat verilib. Sessiyada məhdud resurslar şəraitində dayanıqlı bizneslərin qurulması, bazar ehtiyaclarına uyğun həllərin hazırlanması və inkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərən startapların uğur təcrübələri müzakirə olunub. Təlimçi Afrika ölkələrində formalaşan innovasiya ekosistemlərinin xüsusiyyətlərini təqdim edərək, bu bazarlarda fəaliyyət göstərən startapların qarşılaşdığı çağırışlar və onları uğura aparan amillər barədə fikirlərini bölüşüb.
Bununla yanaşı, sessiyada inkişaf etməkdə olan bazarlarda investisiya imkanları, beynəlxalq tərəfdaşlıqların qurulması, qlobal bazarlara inteqrasiya və müxtəlif regionlar arasında əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub.
Qeyd edək ki, “Startup School 4: Beş qitə – 500 Startap” proqramı yerli innovasiya ekosisteminin inkişafına töhfə vermək, innovativ sahibkarların bilik və bacarıqlarını artırmaq, onların beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək və investisiyaya çıxış imkanlarını gücləndirmək məqsədilə dünyanın müxtəlif ölkələrindən cəlb olunan ekspertlərin iştirakı ilə davam edir.









