21.07.2026 / 13:01
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində növbəti təlim sessiyası təşkil olunub.
“İnnovasiya və məhsulun inkişafı” (Innovation and Product Development) modulu üzrə keçirilən sessiyanı proqramın Avstraliyadan olan tərəfdaşı “MH Inspires PTY LTD” şirkətinin rəhbəri Mohammadali Farjoo aparıb. Təlim “İnnovasiyanın mənimsənilməsinə hazırlıq: Bazar sizin innovasiyanız üçün hazırdırmı?” (Innovation Adoption Readiness: Is the Market Ready for Your Innovation?) mövzusuna həsr edilib.
Sessiyada innovativ məhsul və həllərin bazar tərəfindən qəbulunu müəyyən edən əsas amillər, bazar hazırlığının qiymətləndirilməsi üsulları, eləcə də məhsulun hədəf auditoriyanın tələbatına uyğunluğunun təhlili ilə bağlı yanaşmalar təqdim olunub.
Təlimin praktik hissəsində iştirakçılar startap layihələrini təqdim edərək innovasiyalarının bazar hazırlığı səviyyəsini qiymətləndirib, məhsullarının potensial istifadəçilər üçün yaratdığı dəyəri müzakirə ediblər. Mohammadali Farjoo hər bir layihə üzrə fərdi rəy və tövsiyələr verərək onların inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb.
Real layihələr üzərində aparılan təhlillər iştirakçılara məhsullarını yeni baxış bucağından qiymətləndirmək, bazar ehtiyaclarını daha dəqiq müəyyənləşdirmək və inkişaf istiqamətlərini formalaşdırmaq imkanı yaradıb.
Qeyd edək ki, “Startup School 4: Beş qitə – 500 Startap” proqramı yerli innovasiya ekosisteminin inkişafına töhfə vermək, innovativ sahibkarların bilik və bacarıqlarını artırmaq, onların beynəlxalq bazarlara və investisiya imkanlarına çıxışını genişləndirmək məqsədilə dünyanın 10-dan çox ölkəsindən ekspertlərin iştirakı ilə davam etdirilir.








