“Enterprise Azerbaijan” və “Invest in Türkiye” arasında “GITEX AI Türkiye” üzrə əməkdaşlıq imkanları müzakirə olunub

“Enterprise Azerbaijan” və “Invest in Türkiye” arasında “GITEX AI Türkiye” üzrə əməkdaşlıq imkanları müzakirə olunub

29.07.2026 / 11:04

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tabeliyində fəaliyyət göstərən “Enterprise Azerbaijan” portalı ilə Türkiyə Respublikası Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin (Invest in Türkiye) nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüş zamanı 9–10 sentyabr 2026-cı il tarixlərində İstanbul Sərgi Mərkəzində (Istanbul Expo Center) keçiriləcək “GITEX AI Türkiye” beynəlxalq texnologiya tədbiri, tədbirin təqdim etdiyi imkanlar və Azərbaycan innovasiya ekosisteminin bu platformada təmsil olunması istiqamətində potensial əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd olunub ki, “GITEX AI Türkiye” Türkiyədə ilk dəfə təşkil olunacaq və süni intellekt, bulud texnologiyaları, kibertəhlükəsizlik, fintech və digər yeni texnologiyalar sahəsində fəaliyyət göstərən aparıcı texnologiya şirkətlərini, startapları və sahənin qabaqcıl mütəxəssislərini bir araya gətirəcək. Tədbir çərçivəsində startapların, investorların, texnologiya şirkətlərinin, dövlət və özəl sektor nümayəndələrinin görüşləri, yeni biznes əlaqələrinin qurulması və investisiya tərəfdaşlıqlarının formalaşdırılması üçün geniş imkanların yaradılması nəzərdə tutulur.

Görüşdə Azərbaycan startaplarının “GITEX AI Türkiye”-də iştirakı, innovativ şirkətlərin beynəlxalq investorlar və tərəfdaşlarla əlaqələndirilməsi, Azərbaycan texnologiya ekosisteminin Türkiyə və qlobal bazarlarda tanıdılması, həmçinin iki ölkənin innovasiya və sahibkarlıq ekosistemləri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və Türkiyə arasında son illərdə innovasiya, startap və sahibkarlıq sahələrində formalaşan əməkdaşlığın “GITEX AI Türkiye” kimi beynəlxalq platformalar vasitəsilə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı “Enterprise Azerbaijan” tərəfindən Azərbaycan innovasiya ekosisteminin potensialının beynəlxalq platformalarda təşviqi, yerli startapların qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi və investorlarla əlaqələrinin gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz