06.08.2026 / 17:14
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov ilə "Azerbaijan Startup Community"nin təsisçisi Fehruz Cəbrayılov arasında onlayn görüş keçirilib.
Görüş zamanı ölkənin startup və innovasiya ekosisteminin inkişafına yönəlmiş əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər innovativ sahibkarlığın təşviqi, startup icmasının daha da gücləndirilməsi, ekosistem iştirakçıları arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində mümkün əməkdaşlıq formatlarını müzakirə ediblər.
Qeyd edək ki, "Azerbaijan Startup Community" ölkənin startup və innovasiya ekosisteminin inkişafını dəstəkləyən, 70-dən çox startapı bir araya gətirən, sahibkarlar, mentorlar, investorlar və tərəfdaşlar arasında əməkdaşlığı təşviq edən icmadır.
Görüşün yekununda tərəflər startup ekosisteminin inkişafına töhfə verəcək birgə təşəbbüslərin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və gələcək əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstərmək niyyətlərini ifadə ediblər.








