21.09.2026 / 14:38
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2026-cı ilin sentyabr ayında regionlarda keçirilməsi nəzərdə tutulan görüşləri çərçivəsində sentyabrın 15-də “Startaplar, mikro və kiçik sahibkarlıq subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində mövcud olan yeniliklər” mövzusunda onlayn görüş keçirilib.
Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov da iştirak edib.
İsa Qasımov çıxışında startaplar, mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində tətbiq olunan yeniliklərin biznes mühitinin inkişafına və sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasına potensial təsirlərindən bəhs edib. O, bu istiqamətdə qlobal təcrübədə tətbiq olunan yanaşmalar barədə məlumat verərək, Azərbaycanda həyata keçirilən yeniliklərin sahibkarlıq subyektləri üçün yaratdığı imkanlara diqqət çəkib.
“Enterprise Azerbaijan” portalının həyata keçirdiyi təşəbbüslər barədə danışan İsa Qasımov “Startup School 4 – Beş qitə – 500 startap” qlobal innovasiya proqramı haqqında da məlumat verib. Bildirilib ki, beynəlxalq tərəfdaşlarla həyata keçirilən bu təşəbbüslər Azərbaycanın startap ekosisteminin inkişafına, yerli startapların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə, investorlarla əlaqələrinin gücləndirilməsinə və investisiya cəlbediciliyinin artırılmasına xidmət edir.
Çıxış zamanı həmçinin startap və sahibkarlıq ekosisteminin inkişafında dövlət və özəl sektor arasında əməkdaşlığın, biznes üçün əlverişli institusional mühitin formalaşdırılmasının və innovativ layihələrin maliyyələşmə imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.








