25.09.2026 / 12:37
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi çərçivəsində Finlandiyanın “International House Tampere Employer and Talent Services” (Tampere Beynəlxalq Evi – İşəgötürən və İstedad Xidmətləri) nümayəndəsi Murat Demirez ilə onlayn görüş keçirilib.
Görüş zamanı “Enterprise Azerbaijan” portalının fəaliyyəti, Azərbaycanın innovasiya və startap ekosisteminin inkişafında rolu, beynəlxalq tərəfdaşlıq istiqamətləri, eləcə də yerli startapların inkişafı və beynəlxalq bazarlara çıxışının dəstəklənməsi üzrə həyata keçirilən təşəbbüslər barədə məlumat verilib.
Murat Demirez Finlandiyanın sahibkarlıq və innovasiya ekosistemi, startaplar və investorlar üçün mövcud imkanlar, dövlətin investisiya və innovasiya layihələrinin dəstəklənməsində tamamlayıcı rolu, həmçinin Tampere şəhərinin startap və texnologiya ekosistemi barədə təqdimatla çıxış edib.
Müzakirələr zamanı Finlandiyanın yerli və beynəlxalq startapların ekosistemə inteqrasiyası, “soft landing” imkanlarının yaradılması, beynəlxalq bazarlara çıxışın dəstəklənməsi, innovativ həllərin sınaqdan keçirilməsi üçün test mühitlərinin formalaşdırılması və startaplara institusional dəstəyin göstərilməsi sahəsində təcrübəsi diqqət mərkəzində olub.
Görüş çərçivəsində “Enterprise Azerbaijan” ilə Tampere startap ekosistemi arasında əməkdaşlığın inkişaf etdirilməsi, startapların qarşılıqlı dəstəklənməsi və beynəlxalqlaşmasının təşviqi, investor və ekosistem iştirakçıları arasında əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı təcrübə və imkan mübadiləsinin həyata keçirilməsi istiqamətində perspektivlər müzakirə olunub.
Görüşün sonunda tərəflər müəyyən edilmiş istiqamətlər üzrə əməkdaşlıq imkanlarının daha ətraflı nəzərdən keçirilməsi və müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.








