“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramının finalı - “Demo Day” keçiriləcək

“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramının finalı - “Demo Day” keçiriləcək

01.10.2026 / 12:29

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş qitə - 500 startap” qlobal innovasiya proqramının final mərhələsi olan “Demo Day” tədbiri keçiriləcək.  Beş qitədən startap və innovasiya ekosistemlərini bir araya gətirən tədbirdə komandalar öz innovativ həllərini investor, sahibkar və biznes nümayəndələrinə təqdim edəcəklər.

Proqrama 15 ölkədən - Birləşmiş Krallıq, Danimarka, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Özbəkistan, Misir, Qana, Mərakeş, Madaqaskar, Efiopiya, Qırğızıstan, Ukrayna, Uqanda və Azərbaycandan yüzlərlə müraciət daxil olub. Seçim mərhələsindən sonra 233 startap komandası layihədə iştirak hüququ qazanıb.

Proqramın onlayn təlim mərhələsində 11 modul üzrə 20 sessiya keçirilib. ABŞ, Malta, Çin, Finlandiya, Türkiyə, Avstraliya, Estoniya, Azərbaycan, Qətər, Pakistan, Hindistan, Efiopiya və Madaqaskardan 30-a yaxın təlimçi və mentor tərəfindən dayanıqlı iqtisadiyyat, rəqəmsallaşma, süni intellekt, liderlik və komanda idarəetməsi, marketinq, satış strategiyaları, innovasiya və məhsul idarəetməsi, əqli mülkiyyət, biznesin inkişafı və investisiyaya hazırlıq kimi istiqamətlər tədris olunub. Təlimləri uğurla başa vuran komandalar finalda- “Demo Day” tədbirində startaplarını təqdim edəcəklər.

“Demo Day” 31 oktyabr 2026-cı il tarixində saat 10:00-dan 18:00-dək “Sabah City”də “TEI (Trade, Export & Innovation Forum) Forum 2026” tədbiri ilə birgə keçiriləcək. Proqramın birinci hissəsində startapların sərgisi təşkil olunacaq. Forum çərçivəsində isə innovasiya ekosistemi, regional ticarətin inkişafı və investisiyalar mövzularında panel müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.

Bu baxımdan, “Demo Day” startapların yalnız öz məhsul və xidmətlərini təqdim etdiyi yekun tədbir deyil, həm də onların beynəlxalq tərəfdaşlarla əlaqə qurması, investorlarla ilkin təmas yaratması, yeni bazarlara çıxış imkanlarını müzakirə etməsi və gələcək inkişaf perspektivlərini formalaşdırması üçün platforma rolunu oynayacaq.

“Startup School 4” yerli və qlobal innovasiya ekosistemindən 40-a yaxın tərəfdaşın iştirakı ilə həyata keçirilir. Tərəfdaş şəbəkəsində ABŞ, Çin, Türkiyə, Qətər, Pakistan, Malta, Finlandiya və Azərbaycan daxil olmaqla müxtəlif ölkələrdən 9 vençur fond təmsil olunur.
 

Ətraflı məlumat üçün link: https://startupschool.ereforms.org/

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz