07.10.2026 / 12:28
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramı çərçivəsində iştirakçı startaplara beynəlxalq ekspertlər tərəfindən mentorluq sessiyaları davam etdirilir.
Proqram çərçivəsində “Astem” startapının komandası Misirin “Mansoura National University” universitetinin Mühəndislik fakültəsinin dosenti, mühəndislik və texnologiyalar üzrə mütəxəssis Ahmed Salah Saad ilə mentorluq sessiyası keçirib.
“Astem” sənaye tullantı maye çıxışlarından və şəhər nəqliyyatından, o cümlədən metropoliten sistemlərinin ventilyasiya şaxtalarından ayrılan aşağı temperaturlu tullantı istiliyinin süni intellekt yönümlü termodinamik nasos sistemləri vasitəsilə yüksək səmərəliliklə təmiz termal enerjiyə çevrilməsini hədəfləyən “DeepTech” və “CleanTech” startapıdır. Startap bu texnologiya vasitəsilə metro tunellərində istilik yükünün azaldılmasına, sərnişinlər üçün daha rahat mühitin yaradılmasına, eləcə də şəhərlərdə fosil yanacaq istifadəsinin və karbon emissiyalarının azaldılmasına töhfə verməyi qarşısına məqsəd qoyur.
Mentorluq sessiyası zamanı startapın biznes modelinin inkişafı, MVP-nin təkmilləşdirilməsi, texnologiyanın gələcək inkişaf perspektivləri və bu istiqamətdə gözləntilər, həmçinin əlavə araşdırma tələb edən məsələlər müzakirə olunub. Görüş çərçivəsində bazar strategiyasının təkmilləşdirilməsi ilə bağlı da tövsiyələr verilib.
Qeyd edək ki, “Astem” komandası indiyədək bir sıra uğurlara imza atıb. Startap komandası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə həyata keçirdiyi "DeepTech İnkubasiya" Proqramı çərçivəsində MVP-nin hazırlanması məqsədilə 2 000 manat maliyyə dəstəyi əldə edib. Komanda üzvlərindən bəziləri “Vistar Excellence” Proqramında ikinci yerə layiq görülüb. Bundan əlavə, komanda üzvləri “IDEALISE 2” və “Sabah.Hub” inkubasiya proqramlarında iştirak ediblər.
“Astem” komandasının fikrincə, “Startup School 4” proqramında iştirak xarici mentorlarla birbaşa əlaqə yaratmaq, startapın inkişafını beynəlxalq təcrübə əsasında qiymətləndirmək və layihənin gələcəyini daha dəqiq müəyyənləşdirmək baxımından əhəmiyyətli imkan yaradıb.
“Enterprise Azerbaijan” portalının Startup School 4 proqramı çərçivəsində iştirakçı startaplar üçün beynəlxalq mentorlarla görüşlər və mentorluq sessiyaları davam etdirilir.








