06.01.2023 / 10:00
Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva Azərbaycanda ilk dəfə baş tutan “1-ci Korporativ Sosial Satınalmalar Sərgisi”ndə iştirak edib. "Dəstəkçi" - Sosial Sahibkarlıq Platformasının təşkilatçılığı ilə ölkədə ilk dəfə keçirilən 1-ci Korporativ Sosial Satınalmalar Sərgisi (KSSS) Azərbaycanda fəaliyyət göstərən sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təqdim edən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə onların məhsul və xidmətlərini almağa maraqlı, öz satınalma zəncirinə daha dayanıqlı məhsullar daxil etmək, həmçinin öz korporativ sosial məsuliyyət fəaliyyətlərinin effektiviyini daha da artırmaq istəyən orta və böyük şirkətləri bir araya gətirib.
Sərgidə qida, tekstil, təhsil - şəxsi inkişaf, kosmetika, dekorasiya, dizayn, məşğulluq, sosial həssas qrupların reabilitasiyası və digər sahələri əhatə edən, 30-a yaxın sosial sahibkarlıq müəssisəsi, eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro və kiçik sahibkarlıq subyektinin və 20-dən çox top korporativ şirkət, təşkilat, səfirlikləin nümayəndələri iştirak edib.









