Startap

Astem

  • 11.11.2026 / 12:24
  • Bakı şəhəri
  • Energetika
  • 47 baxış
Tələb olunan investisiyanın həcmi 15 000 AZN
İnvestorun payı 5 %

Layihə haqqında

ASTEM şəhər infrastrukturunda, xüsusilə yeraltı metro sistemlərində yaranan və istifadə edilmədən ətraf mühitə yayılan aşağı temperaturlu istilik enerjisinin bərpasına yönəlmiş CleanTech və DeepTech startapıdır. Layihə metro stansiyalarında və tunellərində yaranan artıq istiliyin istilik dəyişdiriciləri və istilik nasosları vasitəsilə toplanmasını və temperaturunun təxminən 70–75°C-yə qədər yüksəldilməsini nəzərdə tutur. Əldə olunan istilik enerjisinin yaşayış binalarının, məktəblərin, ofislərin və digər obyektlərin istilik təchizatında istifadəsi hədəflənir. ASTEM-in əsas məqsədi istifadə olunmayan istilik enerjisini faydalı enerji mənbəyinə çevirməklə təbii qaz və digər fosil yanacaqlardan asılılığı, istilik xərclərini və karbon emissiyalarını azaltmaqdır. Layihənin ilkin tətbiq istiqaməti Bakı Metropolitenidir. Uzunmüddətli perspektivdə texnologiyanın digər şəhər infrastrukturlarında və beynəlxalq bazarlarda tətbiqi nəzərdə tutulur.
  • Yerləşdiyi rayon (şəhər)Bakı şəhəri
  • Aid olduğu sektorEnergetika
  • Aid olduğu kateqoriyaStartap
  • ÜnvanSuraxanı rayonu, Hövsan qəsəbəsi

Əlavə məlumatlar

ASTEM layihəsi prototipin hazırlanması üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) DeepTech proqramı çərçivəsində 2 000 AZN məbləğində MVP qrantı əldə etmişdir. Eyni zamanda, layihə Enterprise Azerbaijan tərəfindən təşkil olunan “Startup School 4: Five Continents – 500 Startups” beynəlxalq innovasiya proqramının final mərhələsinə yüksəlmişdir.

Komandamız Bakı Metropoliteninin nümayəndələri ilə ilkin görüşlər keçirib və layihənin texniki konsepsiyasının hazırlanması istiqamətində iş aparır. Hazırda istiliyin bərpası sisteminin modelləşdirilməsi və texniki simulyasiyası üçün Aspen HYSYS proqramından istifadə olunur.

Layihənin hazırkı əsas mərhələsi işlək minimum funksional məhsulun (MVP) hazırlanması, texnologiyanın texniki imkanlarının sınaqdan keçirilməsi və gələcək pilot tətbiq üçün hazırlıq işlərinin görülməsidir.

Bu məqsədlə ASTEM layihəsi 15 000 AZN investisiya cəlb etməyi və bunun qarşılığında investora şirkətdə 5% pay təklif etməyi nəzərdə tutur. Cəlb ediləcək investisiya prototipin hazırlanmasına, zəruri avadanlıqların alınmasına, texniki sınaqların keçirilməsinə və ilkin pilot layihənin hazırlanmasına yönəldiləcəkdir.

ASTEM-in uzunmüddətli hədəfi metro sistemləri və digər iri şəhər infrastrukturlarında tətbiq oluna bilən, genişləndirilə bilən istilik enerjisinin bərpası texnologiyası yaratmaq və bu həlli beynəlxalq bazarlara çıxarmaqdır.
Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz