23.07.2026 / 11:20
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində növbəti təlim sessiyası baş tutub.
Növbəti sessiyada iştirakçılar dərin texnologiya əsaslı startapların qurulması və inkişaf strategiyaları ilə tanış olublar. Təlim proqramın Avstraliyadan olan tərəfdaşı “MH Inspires PTY LTD” şirkətinin rəhbəri Mohammadali Farjoo tərəfindən təqdim edilib. Sessiya “Dərin texnologiya startapını necə qurmamaq olar: Dərin texnologiya sahibkarlığı strategiyasının hazırlanması” (How not to Set up a Deep Tech Startup! Developing a Deep Tech Entrepreneurship Strategy) mövzusuna həsr olunub və interaktiv workshop formatında keçirilib.
Sessiyada dərin texnologiya əsaslı startapların digər startaplardan fərqləndirən xüsusiyyətləri, bu sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdığı əsas çətinliklər və uğurlu inkişaf strategiyalarının formalaşdırılması məsələləri müzakirə olunub.
Təlimçi elmi tədqiqatların və texnoloji yeniliklərin kommersiyalaşdırılması prosesində yol verilən ən çox rast gəlinən səhvlərdən bəhs edib, iştirakçılarla dərin texnologiya layihələrinin bazara çıxarılması və uzunmüddətli inkişafı üçün vacib yanaşmaları bölüşüb.
Təlim zamanı iştirakçılar öz layihələri ilə bağlı suallarını ekspertə ünvanlandırıb, dərin texnologiya sahəsində sahibkarlıq fəaliyyəti, kommersiyalaşdırma strategiyaları və bazara çıxış imkanları ilə bağlı praktiki tövsiyələr əldə ediblər.
Qeyd edək ki, “Startup School 4: Beş qitə – 500 Startap” proqramı dünyanın 10-dan çox ölkəsindən cəlb olunan ekspertlərin iştirakı ilə həyata keçirilir. Proqram çərçivəsində startaplara innovasiya, biznesin inkişafı, investisiyaya çıxış və qlobal bazarlara inteqrasiya istiqamətlərində praktiki bilik və beynəlxalq təcrübə təqdim olunur.








