29.07.2026 / 17:30
“Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramının iştirakçıları əqli mülkiyyətin qorunması və idarə olunması sahəsində bilik və bacarıqlarını inkişaf etdirirlər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən proqram çərçivəsində “Əqli mülkiyyət” (Intellectual Property) modulu üzrə ilk təlim sessiyası keçirilib.
Sessiya Türkiyənin Kapadokya Texnoparkının rəhbəri, bir sıra texnopark və biznes inkubatorlarının yaradılmasında birbaşa rol almış peşəkar mentor Bilgin Yazlık tərəfindən keçirilib.
Təlim qlobal və lokal bazarlarda əqli mülkiyyət hüquqlarının qorunması, innovativ ideyaların kommersiya dəyərinin artırılması və startapların intellektual aktivlərinin effektiv idarə olunması məsələlərinə həsr edilib.
Sessiya patentlər, əmtəə nişanları, müəllif hüquqları və digər əqli mülkiyyət anlayışları, eləcə də onların yerli və qlobal bazarlarda qorunması yollarını əhatə edib. Startapların innovativ məhsul və xidmətlərini hüquqi baxımdan qorumaq üçün atmalı olduqları addımlar və əqli mülkiyyət strategiyasının biznesin inkişafındakı rolu müzakirə olunub.
Təlimçi innovativ ideyaların bazara çıxarılması prosesində əqli mülkiyyət hüquqlarının əhəmiyyətini real nümunələrlə izah edərək, bu sahədə ən çox rast gəlinən səhvlər və onların qarşısının alınması yolları ilə bağlı beynəlxalq təcrübəni iştirakçılarla bölüşüb.
Təlim zamanı iştirakçılar öz layihələri ilə bağlı suallarını ekspertə ünvanlayıb, əqli mülkiyyətin qorunması və idarə olunması ilə bağlı praktiki tövsiyələr əldə ediblər.
Qeyd edək ki, “Startup School 4: Beş qitə – 500 Startap” proqramı çərçivəsində iştirakçılar dünyanın müxtəlif ölkələrindən olan ekspertlərin təcrübəsindən faydalanmaq, qabaqcıl biznes və innovasiya yanaşmalarını mənimsəmək, həmçinin layihələrinin inkişafı üçün yeni əməkdaşlıq və investisiya imkanları əldə etmək imkanı qazanırlar.








