31.07.2026 / 15:06
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində “Əqli mülkiyyət” (Intellectual Property) modulu üzrə növbəti təlim sessiyası baş tutub.
Sessiya Türkiyənin Kapadokya Texnoparkının rəhbəri, innovasiya və texnologiya ekosistemlərinin inkişafı sahəsində geniş təcrübəyə malik ekspert Bilgin Yazlık tərəfindən təqdim edilib. Təlim zamanı əqli mülkiyyətin yalnız hüquqi qoruma vasitəsi deyil, həm də innovasiya strategiyasının və biznes inkişafının vacib elementi kimi rolu müzakirə olunub.
Sessiyada innovativ məhsul və texnologiyaların bazarda rəqabət üstünlüyü qazanmasında əqli mülkiyyətin yaratdığı imkanlar, intellektual aktivlərin biznes modelinə inteqrasiyası və innovasiya proseslərinin effektiv idarə olunması məsələləri diqqət mərkəzində olub. İştirakçılar əqli mülkiyyətin şirkətin uzunmüddətli inkişaf strategiyasına necə dəyər qatdığı və innovasiya fəaliyyətlərinin davamlılığını necə dəstəklədiyi barədə məlumat əldə ediblər.
Təlimçi müxtəlif ölkələrin təcrübələri əsasında innovasiya ekosistemlərində əqli mülkiyyətin rolu, patent xidmətləri verən təşkikatları və onların iş prinsipləri, universitet–sənaye əməkdaşlığı çərçivəsində yaradılan texnologiyaların kommersiya potensialı və bilik əsaslı bizneslərin inkişaf mexanizmləri barədə fikirlərini bölüşüb.
Sessiya çərçivəsində iştirakçılar öz layihələri ilə bağlı məsələləri müzakirə edib, innovativ ideyaların bazarda mövqeləndirilməsi, strateji tərəfdaşlıqların qurulması və davamlı inkişaf imkanları ilə bağlı ekspert rəyləri əldə ediblər. Təlim interaktiv müzakirələr və sual-cavab formatında davam edib.
Qeyd edək ki, “Startup School 4: Beş qitə – 500 Startap” proqramı çərçivəsində iştirakçılar dünyanın müxtəlif ölkələrindən olan ekspertlərin təcrübəsindən faydalanmaq, qabaqcıl innovasiya və sahibkarlıq yanaşmalarını mənimsəmək, həmçinin layihələrinin inkişafı üçün yeni əməkdaşlıq və investisiya imkanları əldə etmək imkanı qazanırlar.








