31.10.2026 / 20:01
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramı “Demo Day” tədbiri ilə yekunlaşıb.
40 yerli və beynəlxalq tərəfdaşın, o cümlədən 9 vençur fondu və investisiya təşkilatının dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində üç ay davam edən təlimlərdən sonra 70 startap final mərhələsinə yüksəlib. Finalçılar öz minimum işlək məhsullarını (MVP) sərgi formatında nümayiş etdiriblər.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, yerli və beynəlxalq investorlar, vençur fondları və innovasiya ekosisteminin təmsilçiləri iştirak ediblər.
Mükafatlandırma mərasimində İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı “Enterprise Azerbaijan” portalının innovativ sahibkarlığın inkişafı, startapların beynəlxalq bazarlara çıxışı və investisiya imkanlarının genişləndirilməsində mühüm rolunu vurğulayıb.
Sonra Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Azər Bayramov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxış ediblər.
"Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov “Startup School" proqramlarının innovasiya və startap ekosisteminə verdiyi töhfəyə dair təqdimatla çıxış edib.
Beynəlxalq əməkdaşlıq istiqamətində 6 memorandum imzalanıb:
1. ADNSU və “Deep Tech Foundry” arasında elmin kommersiyalaşdırılması və texnoloji innovasiyaların inkişafı üzrə əməkdaşlığa dair Memorandum
2. Qərbi Kaspi Universiteti və “Deep Tech Foundry” arasında elmin kommersiyalaşdırılması və texnoloji innovasiyaların inkişafı üzrə əməkdaşlığa dair Memorandum
3. "Founder Club" və "ECONOMIQ" arasında Azərbaycan–Malta biznes əlaqələrinin və investisiya əməkdaşlığının inkişafına dair Memorandum
4. "Founder Club" və KIT Beynəlxalq Sahibkarlar Birliyi arasında Azərbaycan–Qazaxıstan biznes əlaqələrinin və investisiya əməkdaşlığının inkişafına dair Memorandum
5. "CLARSEN" və "BMG INTERNATIONAL" şirkətləri arasında kripto texnologiyası üzrə təlim və sertifikasiyaya dair Memorandum
6. "Enterprise Azerbaijan” və "Fonangels" arasında startapların investisiyaya hazırlanması və alternativ maliyyələşmə imkanlarının genişləndirilməsi üzrə Memorandum
“Startup School 4” proqramının qalibləri:
I yer: Hogga
II yer: TenEd və FitNest
III yer: AI Pets for Kids








