21.08.2025 / 17:11
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən "Startup School 3" layihəsi çərçivəsində "Yaşıl və Rəqəmsal İpək Yolu" (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının növbəti təlim sessiyası baş tutub.
Sessiyada iştirakçılar “Biznesin inkişafı və böyümə strategiyaları” (Business Development and Growth Strategies) modulunun tərkib hissəsi olan “Mahiyyətə əsaslanan texnoloji sahibkarlıq təcrübəsi” (Essentialist Tech Entrepreneurship Practice) mövzusu ilə tanış olaraq yeni bilik və bacarıqlar əldə ediblər.
Təlimi Çində fəaliyyət göstərən “Cherry Leadership Community” şirkətinin təsisçisi Nelson Ma keçib. O, “Fortune 500” transmilli korporasiyalarında doqquz illik iş təcrübəsinə, texnologiya sahəsində on illik sahibkarlıq fəaliyyətinə malikdir. Nelson Ma əvvəlki karyerasında məhsulun inkişafı, layihələrin idarə edilməsi və transmilli korporasiyalarda İT qloballaşma həlləri üzrə əməliyyat dəstəyi sahəsində fəaliyyət göstərib. O, ABŞ, Çin, İsrail, Malayziya, Kosta Rika, Vyetnam və Filippin kimi ölkələrdə müxtəlif İT layihələrinin və komandaların idarə olunmasında iştirak edib.
Təlimdə iştirakçılar biznesin inkişaf trendlərini, texnologiyaların biznes böyüməsinə necə təkan verdiyini və startapların qlobal bazarda uğur qazanması üçün tətbiq edilən effektiv metodları öyrəniblər.
Təlim interaktiv formatda təşkil olunub, iştirakçılar müzakirələr və sual-cavab sessiyaları vasitəsilə praktiki biliklər qazanıblar.
“Startup School 3” layihəsi çərçivəsində keçirilən bu təlim iştirakçılara həm nəzəri biliklər, həm də biznesin qlobal inkişaf perspektivlərinə dair praktik təcrübə təqdim edib.







