05.08.2026 / 16:01
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramının 18-ci təlim sessiyası keçirilib. Çin Xalq Respublikasının “Silk Road High Tech Park Association” təşkilatını təmsil edən Zhang Xiaogang iştirakçılarla görüşərək “Business Development through the Chinese Model” modulu üzrə “Approaches for Foreign Enterprises to Enter the Chinese Market and Their Pros and Cons” mövzusunda təqdimatla çıxış edib.
Təlim zamanı xarici şirkətlərin Çin bazarına daxil olmaq üçün istifadə etdiyi əsas strategiyalar, bu yanaşmaların üstünlükləri və riskləri, Çin biznes mühiti və tənzimləyici çərçivənin xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, tərəfdaşlıq, birgə müəssisə (joint venture) və birbaşa investisiya modelləri, eləcə də beynəlxalq şirkətlərin Çin bazarında qarşılaşdığı əsas çətinliklər və onların aradan qaldırılması yolları müzakirə olunub.
Sessiya çərçivəsində iştirakçılar Çin bazarında uğurlu biznes əlaqələrinin qurulması, yerli tərəfdaşlarla əməkdaşlıq prinsipləri və dünyanın ən böyük bazarlarından birinə çıxış imkanları barədə beynəlxalq ekspertin praktiki təcrübəsinə əsaslanan tövsiyələrlə tanış olublar.
Qeyd edək ki, “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı innovasiya ekosisteminin inkişafına dəstək göstərilməsi, startapların beynəlxalq bilik və təcrübəyə çıxış imkanlarının genişləndirilməsi, sahibkarların və innovasiya təşəbbüslərinin potensialının beynəlxalq ekspertlərin iştirakı ilə gücləndirilməsi, həmçinin ölkənin investisiya və innovasiya potensialının inkişafına töhfə verilməsi məqsədilə həyata keçirilir.








