“Startup School 4” çərçivəsində Çin bazarında biznesin inkişafına həsr olunmuş növbəti təlim keçirilib

“Startup School 4” çərçivəsində Çin bazarında biznesin inkişafına həsr olunmuş növbəti təlim keçirilib

07.08.2026 / 17:12

İqtisadi İslahatlarn Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının təşkilatçılığı ilə həyata keçirilən “Startup School 4: Beş qitə – 500 Startap” beynəlxalq proqramı çərçivəsində növbəti onlayn təlim sessiyası təşkil olunub.

Proqramın 19-cu təlim sessiyasında Çinin tanınmış sahibkarı, “Cherry Club” biznes klubunun təsisçisi Nelson Ma iştirakçılarla görüşərək "Business Development through the Chinese Model" modulu çərçivəsində "How Tech Companies Can Compete in the Chinese Market" mövzusunda təqdimatla çıxış edib.

Təlim zamanı Çin bazarının texnologiya şirkətləri üçün yaratdığı imkanlar, bu bazarın özünəməxsus xüsusiyyətləri, istehlakçı davranışları və biznes mədəniyyəti geniş şəkildə təhlil olunub. Həmçinin beynəlxalq texnologiya şirkətlərinin Çin bazarına daxil olarkən qarşılaşdıqları çağırışlar, uğur amilləri və rəqabət üstünlüyünün formalaşdırılması istiqamətində praktik yanaşmalar diqqətə çatdırılıb.

Sessiya çərçivəsində aşağıdakı mövzular ətrafında müzakirələr aparılıb:

  • Çin bazarında texnologiya şirkətlərinin uğurunu müəyyən edən əsas amillər;
  • Çin istehlakçı davranışları və biznes mühitinin xüsusiyyətləri;
  • Çin texnologiya ekosisteminə uyğun məhsul və xidmətlərin inkişaf strategiyaları;
  • Rəqəmsal innovasiyalar, platforma iqtisadiyyatı və yeni texnologiya trendləri;
  • Çin bazarında tərəfdaşlıqların qurulması və biznesin genişləndirilməsi imkanları.

İnteraktiv keçirilən sessiyada iştirakçılar Çin bazarına çıxış, beynəlxalq əməkdaşlıq imkanları və texnologiya əsaslı bizneslərin qlobal miqyasda inkişaf perspektivləri ilə bağlı suallarını təlimçiyə ünvanlayaraq praktik tövsiyələr əldə ediblər.

“Startup School 4: Beş qitə – 500 Startap” proqramı dünyanın müxtəlif ölkələrindən olan sahibkarları, mentorları və innovasiya ekosisteminin nümayəndələrini bir araya gətirərək Azərbaycan startaplarının beynəlxalq bazarlara inteqrasiyasına, bilik və təcrübə mübadiləsinə, eləcə də qlobal tərəfdaşlıqların qurulmasına töhfə verərək ölkənin investisiya cəlbediciliyinin artırılmasını hədəfləyir.

Yeniliklər Siz buradan səhifədəki yeniliklərə abunə ola bilərsiniz