08.04.2026 / 11:49
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan" portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə - 500 startap” proqramı çərçivəsində infosessiya keçiriləcək. İnfosessiya 10 aprel 2026-cı il tarixində, saat 12:00-da Azərbaycan İdman Akademiyasının inzibati binasında təşkil olunacaq.
Tədbirdə Akademiyanın müəllim və tələbə heyəti, eyni zamanda innovasiya və sahibkarlıq fəaliyyətinə maraq göstərən digər şəxslərin iştirakı nəzərdə tutulub.
Keçiriləcək infosessiyanın əsas məqsədi iştirakçıları “Startup School 4: Beş qitə - 500 startap” proqramının məqsəd və vəzifələri, təqdim etdiyi imkanlar, proqram çərçivəsində nəzərdə tutulan təlim və mentorluq mexanizmləri, eləcə də seçim meyarları və müraciət prosedurları barədə ətraflı məlumatlandırmaqdır. Bununla yanaşı, tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılacaq və startap ekosistemi ilə bağlı fikir mübadiləsi aparılacaq.
“Startup School 4” proqramı innovativ ideyalara malik startapların inkişafına dəstək göstərilməsi, onların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də qlobal innovasiya şəbəkələri ilə inteqrasiyasının təşviqi məqsədi daşıyır. Proqram çərçivəsində iştirakçılara yerli və beynəlxalq ekspertlər tərəfindən təlimlər, mentorluq dəstəyi, şəbəkələşmə imkanları və investorlara çıxış imkanları təqdim olunacaq.
Proqram üzrə startap müraciətlərinin qəbulu prosesi 15 may 2026-cı il tarixinə qədər davam edəcək. Proqramda iştirak etmək istəyən startapçılar aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://startupschool.az/en/register
“Startup School 4" proqramının əsas hədəfi müxtəlif qitələri təmsil edən innovativ startapları bir araya gətirməklə onların bilik və təcrübə mübadiləsini təşviq etmək, qlobal əməkdaşlıq platforması formalaşdırmaq, eləcə də perspektivli təşəbbüslərin inkişafını sürətləndirərək beynəlxalq səviyyədə rəqabətqabiliyyətli startap ekosisteminin gücləndirilməsinə töhfə verməkdir.








