10.08.2026 / 15:32
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov ilə Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin Milli Texnologiya və Süni İntellekt Baş İdarəsinin Teknogirişim üzrə mütəxəssisi Mert Çeliksoy arasında onlayn görüş keçirilib.
Görüş zamanı startap ekosisteminin inkişafı, innovasiya sahəsində qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
İsa Qasımov görüş iştirakçısına Enterprise Azerbaijan portalının həyata keçirdiyi “Startup School” proqramları, beynəlxalq tərəfdaşlıq modeli və hazırda layihələndirmə mərhələsində olan “Turkic Startup School” təşəbbüsü barədə ətraflı məlumat verib. Bildirilib ki, layihənin əsas məqsədi türk dünyası ölkələrinin innovasiya və sahibkarlıq ekosistemləri arasında əməkdaşlığı gücləndirmək, startapların beynəlxalq bazarlara çıxışını dəstəkləmək və region üzrə vahid innovasiya platformasının formalaşdırılmasına töhfə verməkdir.
Mert Çeliksoy isə Türkiyədə yüksəksəviyyəli texnologiya sahibkarlığının inkişafına yönəlmiş “Turcorn 100” proqramı haqqında məlumat təqdim edib. Görüşdə proqram çərçivəsində formalaşdırılan təcrübə, texnologiya əsaslı sahibkarlığın inkişaf mexanizmləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, “Turcorn 100” proqramı Türkiyənin texnologiya əsaslı sahibkarlıq ekosisteminin inkişafını sürətləndirmək və qlobal miqyasda "unicorn" potensialına malik startapların formalaşmasını dəstəkləmək məqsədilə həyata keçirilən milli təşəbbüsdür. Proqram çərçivəsində yüksək inkişaf potensialına malik texnologiya startaplarının beynəlxalq bazarlara çıxışı, investisiya imkanlarının genişləndirilməsi və sürətli miqyaslanması üçün müxtəlif dəstək mexanizmləri tətbiq edilir.
Sonda tərəflər innovasiya və startap ekosistemlərinin inkişafı istiqamətində təcrübə mübadiləsinin davam etdirilməsi, həmçinin birgə layihələrin hazırlanması və həyata keçirilməsi üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.








