09.09.2026 / 10:03
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov və layihə meneceri Aydan Hüseynzadə “Biznes TV”-nin nümayəndələri ilə görüşüb.
Görüş zamanı 9 oktyabr 2026-cı il tarixində Bakıda keçirilməsi nəzərdə tutulan III Beynəlxalq Aqro Biznes Forumu çərçivəsində mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, III Beynəlxalq Aqro Biznes Forumu Azərbaycan və tərəfdaş ölkələrdən aqrar və biznes sektorunun nümayəndələrini bir araya gətirərək yeni biznes əlaqələrinin qurulmasına, əməkdaşlıq imkanlarının genişləndirilməsinə və B2B görüşlərin təşkilinə şərait yaradacaq. Forum çərçivəsində panel müzakirələrinin, ikitərəfli biznes görüşlərinin və müxtəlif əlaqələndirmə imkanlarının həyata keçirilməsi nəzərdə tutulur.
Görüşdə “Enterprise Azerbaijan” portalının forumda tərəfdaş qismində iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Qarşılıqlı əməkdaşlığın istiqamətləri və mümkün birgə fəaliyyətlər nəzərdən keçirilib, tərəfdaşlıqla bağlı ilkin razılıq əldə olunub.








