12.10.2026 / 16:36
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş qitə, 500 Startap” qlobal innovasiya proqramının finalçılarından olan “SunTrack Solar Energy Monitoring Company” startapına mentorluq dəstəyi göstərilir.
Mentor Telman Mustafayevin iştirakı ilə keçirilən görüşdə layihənin cari inkişaf vəziyyəti, qarşıya çıxan çətinliklər və növbəti inkişaf mərhələsi üçün ehtiyaclar müzakirə olunub. Görüş zamanı mentorun tövsiyələri əsasında texnoloji həllin təkmilləşdirilməsi, biznes modelinin inkişafı və investorların maraq və gözləntiləri nəzərə alınmaqla layihənin investisiya cəlbediciliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
“SunTrack” günəş enerjisi sistemlərində enerji itkilərinin və mümkün nasazlıqların vaxtında aşkarlanmasına yönəlmiş rəqəmsal platformadır. Platforma invertorlardan əldə olunan məlumatları süni intellekt vasitəsilə təhlil edərək sistemlərin fəaliyyətinin monitorinqini, potensial problemlərin müəyyənləşdirilməsini və enerji istehsalının optimallaşdırılmasını təmin edir. Həllin əsas məqsədi günəş enerjisi sistemlərinin səmərəliliyini artırmaq, enerji itkilərini azaltmaq və texniki problemlərə operativ müdaxilə imkanlarını genişləndirməkdir.
Layihə “Startup School 3”, “Construction Tech Incubation Project” və müxtəlif hakatonlarda iştirak edərək inkişafı və texnoloji həllinin təkmilləşdirilməsi istiqamətində təcrübə qazanıb.
Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan enerji infrastrukturunun inkişafı fonunda “SunTrack” real günəş enerjisi sistemləri üzərində pilot sınaqlar keçirməyi, texnoloji həllini praktiki şəraitdə təkmilləşdirməyi və investor dəstəyi ilə bazara çıxmağı hədəfləyir. Bu məqsədlə startap texnoloji inkişafın maliyyələşdirilməsi, pilot layihələrin həyata keçirilməsi və enerji sektorunda strateji tərəfdaşlıqların qurulması istiqamətində investorlarla əməkdaşlıqda maraqlıdır.
“Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School 4” proqramı çərçivəsində göstərilən mentorluq dəstəyi startapların inkişaf ehtiyaclarının müəyyənləşdirilməsinə, biznes modellərinin təkmilləşdirilməsinə, investisiya imkanlarının qiymətləndirilməsinə və bazara çıxış strategiyalarının formalaşdırılmasına xidmət edir.








