14.09.2026 / 12:28
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində startapların inkişafına, investisiya cəlbinə və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş mentorluq dəstəyi davam etdirilir.
Proqram çərçivəsində startaplara məhsul və biznes modelinin inkişafı, investisiya cəlbi, biznesin miqyaslandırılması və beynəlxalq bazarlara çıxış istiqamətlərində mentorluq dəstəyi göstərilir. Bu dəstək startapların mövcud potensialını daha da inkişaf etdirməsinə, qarşıya çıxan çağırışlara uyğun həllər formalaşdırmasına və növbəti inkişaf mərhələsinə hazırlıq görməsinə imkan yaradır.
Mentorluq dəstəyi alan layihələrdən biri də müəllifi Adəm Məmmədov olan “EnergyX” startapıdır. Azərbaycanın pilləli elektrik enerjisi tarifi sisteminin xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan “EnergyX” süni intellekt əsaslı enerji idarəetmə platformasıdır. Platforma istifadəçilərə enerji istehlakını izləməyə və xərcləri optimallaşdırmağa kömək edir.
“EnergyX” qısa müddət ərzində bir sıra uğurlara imza atıb. Startap Akademik Sahibkarlıq Əsaslı Startap və İnkubasiya Proqramında (ASSİP) 2-ci yerə layiq görülərək 12 000 manat toxum investisiyası qazanıb. Həmçinin “TechCrunch Startup Battlefield” müsabiqəsində 711 müraciətçi arasından ilk 140 startap sırasında yer alıb. Bundan əlavə, Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsində I yerə layiq görülərək 3 500 manat qrant dəstəyi əldə edib.
“Startup School 4” çərçivəsində iştirakçı startaplara göstərilən mentorluq dəstəyi məhsulun inkişafı, biznes modelinin təkmilləşdirilməsi, investisiya imkanlarının qiymətləndirilməsi və beynəlxalq bazarlara çıxış strategiyasının formalaşdırılması və digər istiqamətləri əhatə edir.








