24.09.2026 / 12:20
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı ilə ABŞ-də fəaliyyət göstərən “Peachscore” və Qətərin “Licorne Gulf” şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə “Enterprise Azerbaijan portalının rəhbəri İsa Qasımov, layihə meneceri Aydan Hüseynzadə, “Peachscore” şirkətinin təsisçi və rəhbəri Alex Mojtahedi və “Licorne Gulf” şirkətinin həmtəsisçisi İrina Duisimbekova iştirak ediblər.
Görüş zamanı “Enterprise Azerbaijan” portalının əsas fəaliyyət istiqamətləri, o cümlədən investisiya, sahibkarlıq, startap və innovasiya ekosisteminin inkişafı istiqamətində həyata keçirilən layihələr diqqətə çatdırılıb. Aydan Hüseynzadə portalın fəaliyyəti, həyata keçirilən təşəbbüslər və xüsusilə “Startup School” layihəsi barədə danışıb. Eyni zamanda “Startup School 4: Beş qitə – 500 Startap” layihəsinin cari vəziyyəti və növbəti mərhələləri barədə müzakirə aparılıb.
Alex Mojtahedi “Peachscore”un fəaliyyəti, startapların qiymətləndirilməsi və inkişafına yönəlmiş həlləri, o cümlədən startapların investorlar üçün hazırlıq səviyyəsinin qiymətləndirilməsi və inkişaf potensialının müəyyənləşdirilməsi üzrə təqdim etdiyi onlayn xidmətlər barədə danışıb. Şirkətin startap və innovasiya ekosistemində fəaliyyəti, eləcə də sahibkarlar və investorlar arasında əlaqələrin gücləndirilməsinə yönəlmiş yanaşmaları diqqətə çatdırılıb.
Daha sonra İsa Qasımov Azərbaycanda innovasiya və startap ekosisteminin mövcud vəziyyəti, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təcrübənin yerli ekosistemə inteqrasiyası və startapların qlobal bazarlara çıxış imkanları barədə fikirlərini bölüşüb.
Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq formatları və birgə təşəbbüslər müzakirə olunub. Sonda “Enterprise Azerbaijan” və “Peachscore” arasında gələcək layihələr çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.








